Balakən rayonundakı
akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin
müəllimi ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri
olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi
Mükafatı"nın qalibləri sırasında
Azərbaycan
müəllimlərinin dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxaq
tədbirlərdə müxtəlif təhsil layihələri ilə iştirakı və ciddi uğurlar
qazanması çox təqdirəlayiq hadisə kimi təhsil
sistemimizin inkişafının nailiyyətlərindən hesab oluna bilər. Bu
günlərdə isə Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3
nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd
Qarakişiyevin dünya müəllimlərinin mötəbər müsabiqəsinin final
mərhələsinə çıxması barədə məlumat aldıq. Qeyd olunur ki,
M.Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri
olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi
Mükafatı"nın ( Global Teacher Prize) 50 finalçısı arasında yer
alıb. "Varkey GEMS" Fondunun yaydığı
açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu
1000000 ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb
müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin
mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak
edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda,
Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya
və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə
onlardan 1300-ü keçib. Final mərhələyə isə Məhəmməd Qarakişiyev də daxil
olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edir.
Sevindirici haldır ki, bu müsabiqədə Azərbaycanı Məhəmməd
Qarakişiyev (postsovet məkanı ölkələrindən yeganə namizəd!) təmsil
edib. Gəlin, Məhəmməd Qarakişiyevi daha yaxından tanıyaq.
Məhəmməd
Qarakişiyev 1981-ci ildə anadan olub. 2006-cı ildə Gəncə Dövlət
Universitetinin tərcümə nəzəriyyəsi və dillərarası əlaqə
fakültəsini fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
Balakən rayonunda ingilis dili müəllimi kimi fəaliyyətə
başlayıb. İngilis dilinin tədrisi üçün ilk dəfə təmənnasız
olaraq "Danışıq klubu" (Conversation club) təşkil edib. Burada tələbələr
müxtəlif mövzular əsasında ingilis dilində anlama, yazma və danışma
qabiliyyətlərini artırmaq imkanı əldə ediblər. 2012-ci il sentyabr
-noyabr aylarında ABŞ Dövlət Departamenti və İREX (International
Research & Exchanges Board)-in müsabiqəsi əsasında ingilis dili
müəllimləri üçün 6 həftəlik ixtisasartırma proqramının qalibi olub.
ABŞ-da olduğu müddətdə paytaxt Vaşinqton, Apalaçi Dövlət Universiteti və
ABŞ orta məktəblərində tədris sistemi, dərs planları, kurikulum,
qiymətləndirmə, tələbə yönümlü tədris, texnologiyanın tədrisdə tətbiqi
və s. mövzuları əhatə edən təlim və seminarlarda iştirak edərək
müvəffəqiyyət sertifikatları ilə təltif olunub. 2012-ci ildə ABŞ-ın
Şimali Karolina ştatında Azərbaycan həqiqətlərinin təbliğinə, erməni
iddialarının ifşasına həsr olunmuş və böyük maraqla qarşılanan seminar
keçirib.
"Azərbaycan
müəllimi" qəzetinə verdiyi eksklüziv müsahibəsində
M.Qarakişiyev müsabiqədə dünyanın 150-dən artıq ölkəsindən 5 min
müəllimin iştirak etdiyini və öz fəaliyyətində yeni novator ideyalardan,
təlim texnologiyalarından istifadə edən yenilikçi müəllimlərin əhatə
olunduğunu bildirdi. Müsabiqənin hər il keçirildiyini bildirən
müsahibimiz qeyd edib ki, "Dünya Müəllimi Mükafatı" layihəsində iştirak
müəllimlər üçün bir sınaqdır.
-
Bu müsabiqədə iştirak etməkdə məqsədim Azərbaycanı yüksək səviyyədə
təmsil etmək olub. Bu layihə bütün dünyada qlobal müəllim müsabiqəsi
hesab olunur. Mükafat təhsil sahəsində müstəsna xidmətləri olan şəxslərə
verilir. Müsabiqənin qeydiyyat mərhələsində namizədlər "müəllim
peşəsini niyə seçibsən, müəllimlik sizin üçün nədir "kimi suallara
əsaslı cavab verməlidirlər. Qaliblər seçilərkən müəllimlərin
öz şagirdlərinin həyatında və bütövlükdə cəmiyyətdə nə kimi mühüm rol
oynamasına diqqət yetirilir. Mükafat müəllim nüfuzunun qlobal miqyasda
yüksəldilməsinə xidmət edir. Müsabiqədə iştirak etmək üçün müəllimin
namizədliyi özü, şagirdləri, onların valideynləri və ya həmkarları
tərəfindən irəli sürülə bilər.
Qeyd
edək ki, müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb
Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50
namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1000.000 ABŞ
dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq.
Biz də
Azərbaycanı dünya müəllimlərinin müsabiqəsində uğurla təmsil edən
Məhəmməd Qarakişiyevə "təhsil sahəsində Nobel mükafatı" almasını
arzulayırıq.