2014-10-25

Ekskursiya



       22 oktyabr 2014-cü il tarixində THL-in Az.dili və ədəbiyyat müəllimi Ş.Hacıyeva tərəfindən N.Gəncəvinin poemaları” mövzusunda  Açıq dərsin keçırilməsi  ilə əlaqədar Nizami Gəncəvi  adına Ədəbiyyat Muzeyinə ekskursiya  təşkil olunmuşdur.Ekskursiya zamanı şagirdlərə Qədim dövrdən indiyədək tarixi təkamül prosesi keçmiş Az.dili,ədəbiyyatı haqqında müxtəlif dövrlərdə fəaliyyət göstərmiş görkəmli şair və yazıçılarımız haqqında ətraflı məlumat verilmişdir.
     N.Gəncəvinin poemalarından götürülmüş “Əmşirəvan şah və bayquşların söhbəti”,”Fitnə”,”Xeyr və Şər” və s.hekayələrin motivləri əsasında çəkilmiş illüstrasiyalar,”Leyli və Məcnun”,”Isgəndərnamə” poemalarından müəyyən səhnələrin əks olunduğu xalça nümunələri şagirdlərin marağına səbəb olmuşdur. Şagirdlər əsərlər haqqında əldə etdikləri bilikləri təqdim etmiş, N.Gəncəvinin aforizmləri və hikmətli sözlərindən nümunələr söyləmişlər.

 

2014-10-23

Ekskursiya



18 oktabr 2014-cü il tarixdə Texniki-Humanitar liseyin  6ə sinif şagirdləri ilə birlikdə Milli Azərbaycanin Tarix muzeyində neft siyasəti mövzusunda açıq dərs keçirildi. Bu açıq dərsi liseyin tarix müəllimi Cəfərov Sadiq təşkil etmişdir. Muzeydəki zallardan birində neft sərgisi keçirilirdi. Bu zalda neftin istehsalından,Azərbaycanda keçmiş zamanlardan bu gunə qədər neft sənayesinin inkişafından müxtəlif foto şəkillər ilə muzey iştirakçılarlarını tanış etdilər və bu şagirdlər tərəfindən çox maraqla qarşılandı.Onlar sərgi ilə bağlı və ümumilikdə bütün muzeylə əlaqədar suallar verirdilər. Şagirdlərə 2-ci dunya müharibəsində sovet ordusunun qələbəsində Azərbaycanın neftinin rolu haqqinda söhbət aparıldı. Azərbaycanın çox böyük rolu var idi. Sonda tədbir iştirakçıları ilə birlikdə əminliklə demək olar ki, bu cür  açıq dərslərin keçirilməsi təqdirə layiqdir.
Açıq dərs bölməsində videoya baxa bilərsiz

Tarix müəllimi- Hüseynov Sadiq Əsgər oglu

Sinif rəhbəri – Kargina Yelena Gennadiyevna

Bakıda Avropa Vahid Təhsil Məkanı

Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü başa çatıb.


 İclas Azərbaycan Respublikasının 2014-cü ilin may-noyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilir.
Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın Təhsil Nazirliklərinin, həmçinin Avropa Şurası və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri iştirak edir.
Gündəliyə əsasən, iclasda adıçəkilən ölkələrdə Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi, mövcud problemlər və bu problemlərin həlli yollarının müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Təhsil naziri Mikayıl Cabbarov iclasın açılış mərasimində çıxış edərək iştirakçılara “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkəmizdə aparılmış təhsil islahatları və 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi barədə məlumat verib. Nazir bildirib ki, bu prosesin gedişində ölkənin təhsil sistemi ənənəvi inzibati amirliyə əsaslanan idarəetmədən imtina edib, açıq və demokratik olub, eyni zamanda əmək bazarının tələblərinə istiqamətlənib, əldə olunan bilikləri reallıqda tətbiq etmək imkanlarına yiyələnib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların nəticəsi olaraq Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrin sırasına daxil olub. 2013-2014-cü illər üzrə Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan qlobal rəqabətqabiliyyətlilik reytinqində 148 ölkə arasında 39-cu, MDB-yə üzv dövlətlər arasında 1-ci yeri tutub. BMT-nin “İnsan inkişafı haqqında” hesabatında isə ölkəmiz İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında, 2008-ci ildəki 101-ci yerdən 2013-cü ildə 76-cı yerə yüksəlib. Bununla, Azərbaycan insan potensialının yüksək inkişaf etdiyi ölkələr qrupuna daxil olub.   
İqtisadi inkişafı saxlamaq və daha da möhkəmləndirmək isə təhsil sisteminin keyfiyyətindən və onun formalaşdırdığı insan kapitalından asılıdır. Təsadüfi deyil ki, ölkə Prezidenti ikinci dəfə seçiləndən sonra imzaladığı ilk sənədlərdən biri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olub. Bu sənəddə milli ali təhsil sisteminin Avropa təhsil mühitinə inteqrasiyasına və ali təhsil müəssisələrində struktur islahatlarının dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilir.
Mikayıl Cabbarov tədbir iştirakçılarını Azərbaycanın təhsil sistemində baş verən dəyişikliklərlə tanış edib. Nazir bildirib ki, son 4 ildə ali məktəblərin birinci kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa çatdırılıb, ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb. Ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq. Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən nazir bu sahədə həyata keçirilən dövlət proqramının davamlı olacağını vurğulayıb.
Bununla yanaşı, sistemin transformasiyası universitet idarəediciləri qarşısında yeni tələblər qoyur. Qərarların qəbulunda şəffaflıq prinsiplərinin sürətli tətbiqi, universitetlərin fəaliyyətinə bütün maraqlı tərəflərin cəlbi, hesabatlılıq mədəniyyətinin və korporativ idarəetmənin formalaşdırılması inkişaf imkanlarını təmin edən vacib elementlərdəndir.
Təhsil sahəsində birgə əməkdaşlıq imkanlarından danışan Mikayıl Cabbarov regiondakı ali təhsil müəssisələrinin inteqrasiyasına mane olan xarici amilləri də açıqlayıb. Nazir qeyd edib ki, Ermənistan tərəfdən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki olaraq universitetlər arasında təhsillə bağlı birgə layihələrin həyata keçirilməsini mümkünsüz edib.
Mikayıl Cabbarov bu görüşün region ölkələrində təhsilin sonrakı inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsinə yaxşı imkanlar yaradacağına və Bolonya prosesinin inkişafına müsbət təsiri göstərəcəyinə əminliyini vurğulayıb.
Sonda nazir ali təhsil sahəsində bir sıra layihələrin və islahatların həyata keçirilməsində göstərdikləri köməyə görə Dünya Bankına, Avropa İttifaqına və digər ikitərəfli tərəfdaşlara təşəkkürünü bildirib.
Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasına sabah yekun vurulacaq.

2014-10-22

Gimnaziyada qonaqlar

Oktyabrın 22-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin, İran İslam Respublikasının Ailə, Qadın Məsələləri üzrə vitse-prezidenti Şəhindoxt Mövlaverdi Bakıdakı İlyas Əfəndiyev adına Elitar Gimnaziyada olublar.


Gimnaziyada qonaqları Azərbaycan Respublikası təhsil nazirinin müavini Firidun Qurbanov salamlayıb.
Təhsil nazirinin müavini Firidun Qurbanov və gimnaziyanın direktoru Sevda Quliyeva  qonaqlara bu təhsil müəssisəsi barədə məlumat veriblər. Bildirilib ki, hazırda 1164 şagirdin təhsil aldığı gimnaziyanın 47 məzununun hamısı bu il  ali məktəblərə  qəbul olub. Onlardan 9-u xaricdə təhsil alır.
Ailə, Qadın Məsələləri üzrə vitse-prezidenti Şəhindoxt  Mövlaverdi öz növbəsində İran təhsil sistemi haqqında məlumat verib. 
Qonaqlar şagirdlərin rəsm işlərindən ibarət sərgiyə baxıb və məktəbin sinif  otaqları ilə tanış olublar. İran nümayəndə heyəti şagirdlərin nümayiş etdirdiyi ədəbi-bədii kompozisiyanı xüsusi maraqla izləyiblər.

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 30-dan çox KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfərini təşkil edir.

İki günlük səfər çərçivəsində jurnalistlər Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olacaq, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşəcəklər.
Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
Media nümayəndələri həmin təhsil müəssisələrinin ali məktəblərə qəbul imtahanında yüksək nəticələr qazanmış məzunları haqqında məlumat toplayacaq, fədakar əməyi ilə seçilən müəllimlərlə görüşəcəklər.
 Ümumilikdə, səfər KİV nümayəndələrinə cəbhəyanı bölgələrdəki təhsil ocaqlarında tədris mühiti ilə daha yaxından tanış olmağa, şagirdlərin yüksək bilik almaq üçün göstərdikləri səyləri qiymətləndirməyə geniş imkanlar yaradacaq.
Bütün bunlar ölkə ictimaiyyətinin cəbhəyanı bölgələrdə təhsilin vəziyyəti ilə tanış olması və medianın bu istiqamətdə daha dolğun məlumatlarla təmin edilməsi işinə xidmət edir.

Mikayıl Cabbarov Tərtər rayonunda

http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=9289

Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarov Tərtər şəhərindəki Gənclər Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 54 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

2014-10-20

Mikayıl Cabbarov Qusar rayonu Hil kəndində


Oktyabrın 17-də təhsil naziri Mikayıl Cabbarov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar rayonuna səfər edib.

Təhsil naziri səfər çərçivəsində rayonun Hil kəndində tikilən ümumi orta təhsil müəssisəsində inşaat işlərinin gedişi ilə tanış olub.
Qeyd edək ki, Hil kəndində fəaliyyət göstərən 187 şagird yerlik ümumi orta məktəbin binası yenidən inşa olunmaqdadır. Artıq yeni tikilmiş məktəbdə son tamamlanma işləri başa çatmaq üzrədir.
Həmçinin, nazir Hil kəndində fəaliyyət göstərən 720 şagird yerlik tam orta məktəbin tədris şəraiti ilə tanış olub. Təhsil müəssisəsinin nailiyyətləri pedaqoji kollektivin üzvləri ilə müzakirə edilib və bir neçə sinifdə dərs prosesi izlənilib.
Daha sonra təhsil naziri Qusar şəhərindəki Olimpiya İdman Kompleksində Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, xaricdə təhsil, fəxri adların verilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 63 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.